Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
26 Fevral , 2020

Bu il XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 28 il keçir. İki əsrdən çoxdur ki, mənfur erməni qonşularımız xalqımıza qarşı etnik təmizləmə siyasəti apararaq çoxlu sayda soyqırımlar, dəhşətli faciələr, kütləvi qırğınlar həyata keçirir. Bu siyasətin nəticəsi olaraq azərbaycanlılar öz tarixi torpaqlarından qovulub çıxarılır, qaçqına, məcburi köçkünlərə çevrilir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliklərə əl atır. Bu cinayətlərdən ən dəhşətlisi isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi amansızlıqla, ağlagəlməz, dəhşətli qəddarlıqla yerinə yetirilən Xocalı soyqırımıdır. Məhz həmin gecə Xocalı alovlara büründü, günahsız əhalisi yandırıldı, güllələndi, əsir götürüldü. O soyuq fevral gecəsində Xocalı görünməmiş bir gecə yaşadı. O gecə heç kimə rəhm edilmədi. Dəhşətdən Xocalı sakinləri hara gəldi baş götürüb qaçdı, çovğunda, qarda yollarda donaraq məhv oldu. Qız-gəlinlərimiz düşmən əlinə keçməsin deyə özünə qəsd etdi. O dəhşətli gecədə Xocalı şəhəri də öz övladları ilə birgə şəhid oldu. Xocalı faciəsi unudulan deyil,bu soyqırımı xalqımızın qan yaddaşıdır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin Xocalı soyqırımının 28 illiyinə aid “Tədbirlər planına” uyğun olaraq rayon Mərkəzi kitabxanası sərgilər təşkil etmiş, Səriyyə Müslümqızının “Qar üstünə qan damırdı” kitabının müzakirəsini keçirmiş, ümumtəhsil məktəblərində “Xocalı faciəsi unudulmayacaq”, “Xocalı tariximizin qan yaddaşı”, “Xocalı faciəsindən 28 il keçir”, “Xocalı - şəhid şəhər” adlı tədbirlər təşkil etmişdir. Həmin tədbirlərdə şagirdlərə Xocalı soyqırımı haqqında, soyqırım qurbanları haqqında geniş məlumat verilmişdir. Və qeyd olunmuşdur ki, bu soyqırım nəticəsində 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər girov götürülmüşdür ki, onlarda 150 nəfərinin taleyi hələ də məlum deyil. Xocalı soyqırımının 28 illiyilə əlaqədar olaraq Mərkəzi kitabxananın 1, 2, 24, 30 saylı şəhər, 3 saylı Muğan qəsəbə, 4 saylı Rəncbər, 6 saylı Navahı,7 saylı Qubalı Baloğlan 12 saylı Kürçülü, 13 saylı Qızılburun, 14 saylı Talış, 21 saylı Qubalı, 23 saylı Şopbaçı kənd kitabxana filiallarında silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə müəllimlər, məktəblilər, kənd sakinləri yaxından iştirak etmişlər.