Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
2 İyul , 2019

Mütaliənin  bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində əhəmiyyəti böyükdür. Mütaliə edilən, oxunan  hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, insanın bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnformasiya əsrində, internet səhifələrində, müxtəlif sosial şəbəkələrdə çoxlu sayda məlumatların tüğyan etdiyi bir zamanda insanlarda  kitablara, mütaliəyə maraq oyadılması, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında, cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımızın üzərinə çox böyük vəzifələr düşür. Son dövrlərdə ölkəmizdə  mütaliəyə marağın artması, kitabxana –oxucu əlaqələrinin genişlənməsi, mütaliənin sevdirilməsi istiqamətində kitabxanalarımızda “Kitab bayramları”, “Mütaliə həftələri”, “Nağıl otaqlari”, “Yay məktəbləri”, “Səyyar kitabxana”  layihələri həyata keçirilir. Xüsusilə gənclərin fəal mütaliəyə cəlb olunması, kitablara sərbəst yanaşma metodu, onlarda mütaliə mədəniyyətinin formalaşması məqsədilə təşkil olunan “Açıq Kitabxana”daha çox marağa səbəb olmuş,  artıq oxucuların sevimli məkanına çevrilməkdədir.

2 iyul 2019-cu il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Xidmət və Uşaq şöbələrinin birgə təşkilatçılığı ilə rayon əhalisinə kitabxana xidmətinin göstərilməsi, onlarda kitablara, mütaliəyə maraq oyatmaq məqsədilə "Açıq kitabxana" təşkil olunmuşdur. “Açıq kitabxana”da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş “Qəlblərdə yaşayan Lider” adlı sərgi,  filosof şairimiz İ.Nəsiminin əsərləri, eyni zamanda  bu il yubileyləri qeyd olunacaq yazıçılarımızın əsərləri, Hacıqabul şəhidlərindən bəhs edən foto stend, Mərkəzi kitabxananın fonduna daxil olan yeni kitablar, uşaq ədəbiyyatı  nümayiş olunmuşdur. Hər dəfə olduğu kimi “Açıq kitabxana” yenə əhali arasında böyük marağa səbəb olmuşdur. Havanın ist keçməsinə baxmayaraq gün ərzində davam edən tədbirdə məktəblilər, müxtəlif yaş təbəqələrindən olan rayon sakinləri iştirak etmişlər.