Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
19 Mart , 2019
Çox qədim tarixə malik olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur.  Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
19.03.2019-cu il tarixində Hacıqabul rayonunda Novruz bayramına həsr olunmuş  ümumrayon "Novruz" şənliyi keçirildi. Ətraf başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi. Çörək bişirən qadınlar, idman edən uşaqlar, pəvləvanlar, kəndirbaz, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu. İcra Hakimiyyətinin başçısı idmançıların müşayəti ilə, Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalını yandırdı. Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansambılı şən musiqilərlə çıxış etdi.Tədbirdə müğənnilər Şəhla Əhmədova, Gülyaz və Gülyanaq bacıları, Zakir Saniyev şən musiqilərlə bayrama gözəllik qatdılar. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.