Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
1 Oktyabr , 2015

Artıq bir neçə aydan sonra tarixə çeviriləcək 2015-ci il biz mədəniyyət işçilərinin yaddaşında əlamətdar bir il kimi qalacaq. Bu il əsrlərin yaşıdı doğma diyarımız Hacıqabulun yenidən rayon statusu  almağının, eləcə də rayon Mədəniyyət şöbəsinin, onun nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Mədəniyyət evlərinin və klubların, şəhər uşaq  7 illik musiqi məktəbinin birgə fəaliyyətinin 25 illik yubileyidir. Bu münasibətlə  sentyabr ayının 30-da Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsi rayon folklor klubunda “25 ilin işığında” adlı ədəbi bədii gecə keçirmişdir. Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov açaraq gələn qonaqları salamlayaraq qeyd etmişdir ki, əsası 1990-cı ildən qoyulmuş Hacıqabul rayon Mədəniyyət şöbəsi 2006-cı ildən rayon Mədəniyyət və Turizm şöbəsi adı altında fəaliyyətini davam etdirir. Hazırda rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində Mədəniyyət mərkəzi, 6 Mədəniyyət evi, 10 klub, bir rayon Tarix Diyarşünaslıq Muzeyi, bir Heydər Əliyev Mərkəzi, Mərkəzləşdiriılmiş Kitabxana Sistemi üzrə 1 rayon Mərkəzi kitabxanası, 9 şəhər və qəsəbə kitabxana filialı, 17 kənd kitabxana filialı, bir şəhər 7 illik uşaq musiqi məktəbi  fəaliyyət göstərir. Elnur Əmiraslanov çıxışının sonunda mədəniyyətə göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Mədəniyyət Nazirliyinə, eləcədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarova təşəkkürünü bildirdi. Elnur Əmiraslanov bir neçə mədəniyyət işçisini Fəxri fərman və qiymətli hədiyyələrlə təltif etdi. Sonra İcra Hakimiyyətinin məsul işçisi Elvin Şıxəliyev mədəniyyət işçilərini təbrik edərək, rayon İcra Hakimiyyəti adından Mərkəzi kitabxananın direktoru Daxil Həsənova qiymətli hədiyyə təqdim etdi. Şəhər  Uşaq Musiqi məktəbinin direktoru Rahib Məmmədov da təbriklərə qoşularaq Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanova,  Mərkəzi kitabxananın direktoru Daxil Həsənova qiymətli hədiyyələr verdi. Daha sonra rayon Pir Hüseyn Xanəgahı Tarix və Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov rayonumuzun tarixi və  görkəmli şəxsiyyətləri haqqında məlumat verərək qeyd etmişdir  ki, bu gün biz tarixi abidələr diyarı olan rayonumuzun həmdə istedadlı insanları ilə fəxr duyuruq. Hacıqabul torpağı neçə-neçə tanınmış görkəmli ziyalılar, o cümlədən, alimlər, hərbi xadimlər, şairlər, yazıçılar, müğənnilər, aktyorlar, bəstəkarlar yetirmişdi. Mübariz müəllim çıxışının sonunda Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanova və Mərkəzi kitabxanaya özünün tərtib etdiyi “Pir Hüseyn Şirvani”, şair Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər”, İbadulla Ağayevin “Epidemialogiya” adlı kitablarını hədiyyə etmişdir. Tədbir iştirakçılarından Ziba Cəbrayılova, Daxil Həsənov, Mayaxanım Mehdiyeva da mədəniyyət işçilərini öz ürək sözləri ilə təbrik etdilər. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblı çıxış etdi. Səsləndirilən mahnı və şeirlər yerli yazarların yaradıçılığından oldu. Müğənnilərin ifasında rayonumuzun görkəmli bəstəkarı Elza İbrahimovanın mahnıları, nəğməkar şairəmiz Zivər Ağayevanın, Miryusif Mirnəsiroğlunun sözlərinə yazılmış mahnılar oxundu. Şairlərimiz Sabir Almazovun, Əjdər Olun şeirləri ifa olundu.