Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
23 Sentyabr , 2015

Bu il Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin yubileyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş yubiley tədbirləri keçirilir. Hacıqabul rayon Mərkəzi kitabxanası Hacıqabul rayon folklor klubunda Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş “Sizinlə hər zaman Bəxtiyaram mən” adlı oxucu konfransı keçirmişdir. Tədbir şairin həyat və yaradıcılığını özündə əks etdirən video çarxın nümayişi ilə başlandı. Şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan yazıçılar Birliyinin üzvü, professor, filologiya elmləri doktoru, Azərbaycan milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili Vahabzadə Bəxtiyar Mahmud oğlu 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsinə daxil olmuşdur. Şair kimi bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeri ilə başlamışdır. Tədbirin aparıcısı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev şairin yaradıcılığı haqqında məlumat verdikdən sonra sözü rayon Mərkəzi kitabxanasının şöbə müdiri Sürahi Məmmədovaya verdi. O, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Sonra Qarayeva Səkinə “Əbədiyaşar şair”, oxuculardan İsayev İsa “Bəxtiyar Vahabzadənin yaradıcılıq  dünyası”, “Hacıqabul” qəzetinin müxbiri Nazim Zeynalov “Filosof şair”, Xəlilov Mübariz “Qüdrətli söz ustası” mövzularında çıxış etdilər. Oxucu konfransında həvəskar müğənni Şamil Azadov musiqinin müşaiyəti ilə şairin “Muğam” poemasından bir parçanı ifa etdi. İfa  iştirakçıların alqışlarına səbəb oldu. Sonra oxuculardan Rəşidova Gülzadə, Əhmədova Səbinə, Məmmədova Rəhimə və başqaları Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələri əzbərdən söylədilər. Oxucu konfransında rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar şöbəsinin  məsul işçisi Natiq Mustafayev iştirak edirdi. Tədbirin sonunda Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov çıxış edərək şairin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan, onun ictimai fəaliyyətindən danışdı. Və tədbirin təkilatçılarına, eləcə də bütün iştirakçılara öz təşəkkürünü bildirdi.