Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
14 İyul , 2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi haqqında  02 iyun 2015-ci il tarixli sərəncamına uyğun olaraq 13.07.2015-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında “Milli Mətbuat Günü” adlı kitab sərgisi təşkil edilmişdi. Bu il Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan  Azərbaycan  Milli Mətbuatının yaranmasının 140 ili tamam olur. Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisidir. Məhz onun gərgin əməyinin, çalışqanlığının sayəsində 1875-ci ilin 22 iyul tarixində Bakıda ana dilində “Əkinçi” qəzetinin ilk nömrəsi çapdan cıxdı. Qəzetin nəşri tez bir zamanda Qafqazda böyük əks-səda doğurdu. 1875-1877-ci illərdə fəaliyyət göstərmiş “Əkinçi” qəzetinin 56 nömrəsi işıq üzü gördü. Cəmi iki il nəşr olunmasına baxmayaraq qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Bütün bunlar Rusiya hakim dairələrini narahat etdiyi üçün 1877-ci ildə qəzetin nəşr olunması qadağan edildi. “Əkinçi” Azərbaycan mətbuatının ilk müjdəçisi olmuşdur. Onun nəşri dayandırıldıqdan sonra milli mətbuatımızın inkişaf etdirlməsi istiqamətində xeyli işlər görülmüş, belə ki, XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı ıllər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə daha da gücləndi. C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ömər Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqalarının apardığı gərgin mübarizə öz bəhrəsini verdi. Bu mübarizənin nəticəsi olaraq “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915),  “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana gəldi. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Beləliklə, çox çətin günlərdən, gərgin mübarizələrdən keçib bu günə qədər gəlib çıxmış Azərbaycan mətbuatı müstəqillik illərində öz qiymətini qazandı. 1998-ci ilin avqustunda senzuranın ləğvi mətbuatımızın inkişafına ciddi təkan verdi. Bu gün ölkəmizdə yüzlərlə qəzet və jurnallar nəşr olunur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi  hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. 140 yaşın mübarək, “Əkinçi” ! Bayramın mübarək, Azərbaycan mətbuatı!